Türkiyənin meşə yanğınları baş verən bütün bölgələrində alovla mübarizə davam edir. Ölkənin bütün qurumlarının aidiyyəti orqanları hadisə bölgələrinə səfərbər olunub.
Az.rasthaber.com xəbər verir ki, İzmir, Aydın, Bolu, Manisa, Karabük və Uşak rayonlarında helikopterlər cəlb edilməklə yanğınlara qarşı mübarizə aparılıb. Səhərdən başlayaraq isə altı rayonun səkkiz bölgəsində alovla mübarizə tədbirləri daha da intensivləşdirilib.
Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı son açıqlamasında Aydın istisna olmaqla, digər bölgələrdə yanğının şiddətinin nisbətən azaldığını, lakin küləyin təsiri ilə dəyişikliklərin ola biləcəyini deyib.
Bildirilib ki, Aydındakı yanğın cənub və şimal hissələrində təxminən doqquz kilometrlik xətt üzrə davam edir. Buradakı yanğınların söndürülməsinə 7 təyyarə, 15 helikopter, çox sayda texnika və təxminən 370-ə yaxın canlı qüvvə cəlb olunub. İzmirdəki yanğınların söndürülməsində isə 3 təyyarə, 15 helikopter, çox sayda texnika və canlı qüvvə iştirak edir.
Türkiyənin Manisa rayonunda da meşə yanğınları ilə mübarizə sürür. Gecə boyu qurudan aparılan söndürmə işlərinə səhər saatlarından etibarən aviasiya vasitələrləri dəstək verir. Hazırda bölgədə 7 helikopter fəaliyyət göstərir.
Ölkənin Bolu rayonunda da vəziyyət eynidir. Sıx meşəlik ərazidə başlayan yanğının söndürülməsinə Bolu ilə yanaşı, ətraf rayonlardan da hava vasitələri cəlb olunub. Bölgədə 12 helikopter, çox sayda yanğınsöndürən avtomobil və 1500-ə yaxın canlı qüvvənin iştirakı ilə alovla mübarizə fasiləsiz davam edir.
Türkiyədə yanğınlarla bağlı 7 nəfər saxlanılıb ki, onlardan ikisi həbs olunub.
Yanğın bölgələrindən indiyədək 3971 nəfər təxliyə edilib.