İslam İnqilabının Ali Rəhbəri bu gün səhər minlərlə müəllim və pedaqoqla görüşdə müəllimin simasının layiqli şəkildə təsvir edilməsinin, ictimai fikirdə cazibədar, yüksək əhval-ruhiyyəli və sevilən bir müəllim obrazının yaradılmasının zəruriliyini, bunun üçün aidiyyəti qurumların bədii və media fəaliyyətinin zəruri olduğunu vurğuladı. O, Təhsil və Təlim-Tərbiyə Nazirliyinin bəzi vəzifələrinin digər qurumlara həvalə edilməsi ilə bağlı mövcud olan görüşlərin yanlış olduğunu vurğulayaraq dedi: “Təhsil və Təlim-Tərbiyə Nazirliyinin yeni strukturu elə tənzimlənməli və yenilənməlidir ki, elmli, imanlı, iransevər, zəhmətkeş və gələcəyə ümidli bir nəslin yetişməsi ilə nəticələnsin”.
Ayətullah Xamenei ABŞ Prezidentinin son açıqlamalarına işarə edərək onun güc yolu ilə sülh yaradılması iddiasının yalan olduğunu bildirdi. O, ABŞ-nin ərəb ölkələrinə ABŞ-dən daimi asılılıqla şərtlənən bir model diqtə etdiyini vurğulayaraq dedi: “Heç şübhəsiz ki, bu model iflasa uğrayıb və region xalqlarının iradəsi sayəsində həm ABŞ bu bölgədən çıxacaq, həm də fəsad, müharibə və ixtilaflar səbəbi olan sionist rejim adlı xərçəng şişi kökündən yox ediləcək”.
O vurğuladı: “İslam Respublikası öz gücünü artıracaq və düşmənlərin acığına qat-qat böyük nailiyyətlər əldə edəcək”.
Həzrət Ayətullah Xamenei çıxışının əvvəlində bu görüşün müəllimlərə təşəkkür və müəllim məqamına hörmət məqsədi daşıdığını qeyd edərək təhsil sahəsinə sərf olunan hər bir xərcin, əslində, ölkənin gələcəyi üçün sərmayə yatırmı olduğunu vurğuladı: "Xoşbəxtlikdən hörmətli Prezident təhsil və təlim-tərbiyə məsələlərinə xüsusi diqqət göstərir. Hörmətli nazir də bu quruma aid məsələlərlə tanışlığı olan aparıcı rəhbərlərdəndir".
Yaxşı məqsədlərin və düşüncələrin gerçəkləşməsinin səbir və ciddi izlənmə ilə şərtləndiyini vurğulayan Həzrət Ayətullah Xamenei çıxışının davamında müəllimlərlə bağlı bir neçə nüansa aydınlıq gətirdi.
İnqilabın Rəhbəri müəllimlərə həm maddi dəstək göstərilməsi, həm də ictimai fikirdə təşəbbüskar, gözəl, yüksək əhval ruhiyyəli və sevilən bir müəllim obrazının yaradılmasının müəllimlərə hörmət göstərilməsi istiqamətində mühüm bir vəzifə olduğunu dedi: "Müəllimə hörmət, ehtiram və müəllim obrazının təsviri elə bir şəkildə olmalıdır ki, cəmiyyət müəllimi cazibədar, fəal, zəhmətkeş, məğrur və başıuca bir şəxsiyyət olaraq görsün. Müəllimlik peşəsi gənclərin ən çox sevdiyi peşələr siyahısının ön sıralarında yer almalıdır".
O, müəllim obrazının bu şəkildə təqdim edilməsində nağıl kitabları, filmlər və animasiyalar kimi media və incəsənət işlərinə ehtiyac duyulduğunu bildirdi: “Bu işlərin həyata keçirilməsi İRİB və Maarif Nazirliyi kimi təbliğat qurumlarının öhdəsinə düşür, əlbəttə, Təhsil və Təlim-Tərbiyə Nazirliyi də bu prosesdə iştirak etməlidir".
İnqilabın Rəhbəri digər nüansa aydınlıq gətirərkən müəllimlərin fəaliyyət və tədris işinin əhəmiyyətinin düzgün şəkildə dərk edilməsinin vacibliyini vurğuladı: “Müəllim təkcə dərslik kitabını öyrədən adam deyil, onun əxlaqı, davranışı, sinifdə özünü aparma tərzi, dərs keçmə keyfiyyəti, habelə təvazökarlıq və ya təkəbbür, yüksək əhval ruhiyyə və ya ruh düşkünlüyü kimi fərdi xüsusiyyətləri şagirdə və onun şəxsiyyətinin formalaşmasına, hətta ata və anasından da çox təsir göstərir. Əgər müəllim bu dərk və düşüncə ilə sinfə daxil olarsa, danışığına və davranışına xüsusilə diqqət yetirəcək".
Ayətullah Xamenei başqa bir nüansdan danışarkən Pedoqoji Universitet və müəllim yetişdirən mərkəzlərin mühüm əhəmiyyət daşıdığını vurğuladı: “Bu universitet Təhsil və Təlim-Tərbiyə Nazirliyinə aiddir. Onun başqa qurumlara birləşdirilməsi barədə irəli sürülən fikirlər məqsədəuyğun deyil”.
O, Şəhid Rəisinin dövründə bu universitetə qəbulla bağlı meyarlar müəyyən edilməsinə işarə edərək vurğuladı: “Bu meyarların zəiflədilməsinə imkan verməyin. Bu universitet ehtiyac duyulan nümunəvi müəllim yetişdirə biləcək keyfiyyətdə olmalıdır”.
İnqilabın Rəhbəri çıxışının başqa bir yerində Təhsil və Təlim-Tərbiyə Nazirliyi ilə bağlı bir neçə mühüm nüansa toxundu.
Ayətullah Xamenei birinci nüansı qeyd edərkən vurğuladı ki, Təhsil və Təlim-Tərbiyə Nazirliyi dövlətə aid bir dövlət qurumudur. İslam hökumətinin vəzifəsi şagirdlərin elmi, texniki, peşə və iman səviyyəsini inkişaf etdirməkdir: “Bəzən bəzi dairələrdə, hətta nazirliyin öz daxilində də Təhsil və Təlim-Tərbiyə Nazirliyinin bəzi şöbələrinin başqa qurumlara verilməsi ilə bağlı fikirlər səsləndirilir. Bu isə bir növ qəbuledilməz bir feodal sistemin yaradılması deməkdir”.
O, bu işi həyata keçirmək üçün təhsil və təlim-tərbiyənin böyük xərclər bahasına başa gəldiyini bəhanə edən yüksək rütbəli bəzi keçmiş rəsmilərin istəklərinə qətiyyətlə qarşı çıxdığını dedi: “Yeni nəsli intellektual və mədəni cəhətdən tərbiyə etmək dövlətin vəzifəsi və haqqıdır. Təhsil və Təlim-Tərbiyə Nazirliyi də dövlətə aiddir. Dövlət bu vəzifənin yerinə yetirilməsinə görə cavabdehlik daşımaqla yanaşı, təhsil, təlim-tərbiyə və onun inkişafına xərc çəkməklə qürur duymalıdır”.
6 yaşdan 18 yaşa qədər olan milyonlarla qız və oğlanın Təhsil və Təlim-Tərbiyə Nazirliyi ilə əlaqəsinin misilsiz bir fürsət olduğunu deyən Həzrət Ayətullah Xamenei belə bir sual səsləndirdi: “Əgər əhalinin belə böyük milyonluq hissəsi düzgün tərbiyə olunmasa, Allah və gələcək nəsillər qarşısında nə cavab verəcəyik?”
O, bu baxış bucağından çıxış edərək ikinci nüansa, yəni Təhsil və Təlim-Tərbiyə Nazirliyinin strukturunun yaxşılaşdırılması məsələsindən danışdı.
İnqilabın Rəhbəri vurğuladı ki, Təhsil və Təlim-Tərbiyə Nazirliyinin strukturu şagirdlərin elmi, mədəni və iman cəhətindən tərbiyə edilməsinə xidmət etməlidir. O, mövcud strukturun bu cəhətdən yetərli və səmərəli olmadığını bildirdi: “Yeddinci İnkişaf Proqramına əsasən, hökumətin qarşısında duran vəzifələrdən biri Təhsil və Təlim-Tərbiyə Nazirliyinin yeni təşkilati strukturunun layihələndirilməsidir. Bu işin tələblərə cavab verən islahatlar strategiyası ilə ən yaxşı şəkildə izlənməsi zəruridir”.